Derek Prins
Həyatının əvvəli
Derek Prins 1915-ci ildə Hindistanın Banqalor şəhərində Britaniyalı hərbiçinin ailəsində dünyaya gəldi. 14 yaşında İton Kollecində təqaüdə layiq görüldü. Orada o, yunan və latın dillərini öyrəndi. Təhsilini İngiltərənin Kembric Universitetində davam etdirib və Kral Kollecində Qədim və Müasir Fəlsəfə üzrə təqaüd alıb. Derek Kembric Universitetində oxuyarkən, sonradan Yerusəlimdəki İvrit Universitetində təkmilləşdirdiyi ivrit və arami dilləri də daxil olmaqla bir neçə müasir dil öyrənib.
Derek Anqlikan imanlılar cəmiyyətində böyümüş olsa da, Kembric Universitetində məsihçi köklərindən imtina edərək ateist dünyagörüşünü mənimsəmişdi. Ali təhsil aldığı illəri xatırlayaraq, sonralar deyirdi:
"Çoxlu uzun sözlər və ifadələr bilirdim, bir çox müxtəlif şeyləri sınaqdan keçirmişdim. Amma geriyə baxanda etiraf etməliyəm ki, çaşqın və məyus idim, xəyallarım qırılmışdı, cavabı harada tapacağımı bilmirdim".
İkinci Dünya müharibəsi
İkinci Dünya müharibəsinin başlaması Derekin akademik karyerasına mane oldu. 1940-cı ildə şəxsi etiqadlarına əsasən döyüşçü olmayan Derek əsgər kimi Kral Ordu Tibb Korpusuna qəbul oldu. Hərbi xidmət dövründə təhsilini davam etdirmək üçün Derek özü ilə Müqəddəs Kitab götürdü. Bu Kitabı o dövrdə Allahın ilhamlanmış Kəlamı yox, fəlsəfi bir əsər hesab edirdi.
31 iyul 1941-ci ildə Yorkşirin Skarboro şəhərindəki təlim düşərgəsində olarkən o, İsa ilə həyatını dəyişdirəcək güclü bir qarşılaşma yaşadı. Bu yaşantılarını xatırlayaraq deyirdi:
"Müqəddəs Yazılardan, Müqəddəs Kitabdan İsanın səsini çox aydın eşitdim. Onun səsini eşitdiyim gündən bu günə qədər iki şeyə – İsanın diri olduğuna və Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna heç vaxt şübhə etməmişəm".
Beləliklə, 20-ci əsrin ən görkəmli Müqəddəs Kitab müəllimlərindən birinin ruhani səyahəti başladı.
Məsihçiliyi qəbul etdikdən dərhal sonra Derek Şimali Afrika səhralarında xidmətə göndərildi və orada üç il ordu feldşeri kimi xidmət etdi. Boş vaxtlarını Müqəddəs Kitabı öyrənməyə və Allahla şəxsi münasibət qurmağa həsr edirdi.
Müharibənin sonunda, Yerusəlimdə xidmət edərkən ordudan tərxis olunan Derek, yəhudi xalqının İsrailə qayıtması ilə Müqəddəs Kitab peyğəmbərliyinin yerinə yetdiyinin şahidi oldu.
Lidiya Prins
1946-cı ildə Derek ilk həyat yoldaşı, Yerusəlimin yaxınlığında uşaq evi idarə edən danimarkalı missioner Lidiya Kristensen ilə evləndi. Bununla da övladlığa götürülmüş səkkiz qızın atası oldu.
Derek və Lidiya 1948-ci ildə İsrail dövlətinin qurulmasından sonra da Yerusəlimdə yaşayırdılar. Müstəqillik müharibəsi zamanı ərəb və İsrail qüvvələri arasında qalan Derek və Lidiya evlərindən köçürülmüş və məcburi olaraq İngiltərəyə mühacirət etmişdilər. Londonun mərkəzində məskunlaşdıqdan sonra Derek, tez-tez Lidiya və bəzi qızların müşayiəti ilə "Hyde" Parkdakı Spiker Guşəsində təbliğ etməyə başladı. Zamanla iştirakçıları daha çox xidmət üçün öz evlərinə dəvət edirdilər. Nəticədə yeni bir imanlılar cəmiyyəti yarandı. Bu, 1956-cı ilə qədər davam etdi. Daha sonra Prinslər Allahın çağırışına cavab verərək 1957-ci ilin yanvarında missioner kimi Keniyaya köçdülər.
Sonrakı illərdə Derek və Lidiya yerli əhaliyə xidmət edərkən böyük bəhrələr gördülər, o cümlədən dua vasitəsilə ölülərdən bir qız dirildi.
1962-ci ildə cütlük Keniyadan bir yetim körpə övladlığa götürdü. Sonra Kanadada məzuniyyətdə idilər. Derekdən 25 yaş böyük olan Lidiya yetmiş yaşında idi; dostlarına və digər imanlılara yaxın məskunlaşmağı arzulayırdı. Bu ehtiyacdan irəli gələrək, Derek Minneapolisdəki bir "Əllincilər" imanlılar cəmiyyətində Müqəddəs Kitab müəllimi olmaq təklifini qəbul etdi.

Derek və Lidiya Prins.
Onilliyin sonuna çatmazdan əvvəl, Prinslər daha üç dəfə köçdülər: müvafiq olaraq Sietl, Çikaqo və Fort-Loderdeylə. Xidmətdəki inkişaflar yeni və gözlənilməz qapılar açdı, lakin cütlük Tanrının daimi çağırışına sadiq qaldı.
1968-ci ilə qədər Derekin müəllimlik xidməti yeni yaranan Xarizmatik hərəkatda inanılmaz dərəcədə böyümüşdü. O, Allahın Kəlamını güc və səlahiyyətlə təbliğ edərək çox səyahətlər edirdi.
Lidiya Prins 5 oktyabr 1975-ci ildə 85 yaşında ailəsinin əhatəsində sülh içində vəfat etdi. O, həmin il ölümündən qısa müddət əvvəl nəşr olunmuş "Qüdsdə görüş" kitabının müəllifidir.
Rut Prins
1978-ci ildə Derek ikinci dəfə evləndi. Bu, övladlığa götürdüyü üç uşağı tək böyüdən amerikalı ana Rut Beyker idi. Onlar Derek dostları ilə İsrailə səfər edərkən Yerusəlimdə tanış olmuşdular.
Derek Prinslə birlikdə onlar "Derek Prinslə bu gün" adlı gündəlik radio proqramının yayımlanması ilə xidmətin yeni bir mərhələsinə başladılar. Əvvəlcə səkkiz radio stansiyasında yayımlanan verilişlərin dinləyici kütləsi sürətlə artdı və xidmətin verilişləri məşhurlaşdı. Bu gün həmin səs yazıları dünyanın hər yerinə yayılmış və müxtəlif dillərdə mövcuddur.
Derek və Rutun məhəbbət hekayətinin təfərrüatları 1986-cı ildə birgə müəllifi olduqları və nəşr etdirdikləri "Xeyir-dualı nikahı quran Allahdır" adlı kitabda qeyd olunub.

Derek və Rut Prins 1985-ci ildə Zambiyada, Zambezi çayının sahilində şəkil çəkdirirlər.
Rut 29 dekabr 1998-ci ildə Yerusəlimdə, qısa müddət sürən bir xəstəlikdən sonra vəfat etdi. Bu xəstəliyin diaqnozu heç vaxt düzgün qoyulmamışdı. O, 68 yaşında idi və iyirmi ildən çox Derekin yanında sədaqətlə xidmət etmişdi.
Dərin kədər içində olan Derekin əli dünyadan üzüldü. Bu kədərin sonda Allahdan uzaqlaşdıracaq murdar bir güc olduğunu hiss edən Derek həyat yoldaşı Rutun dəfn mərasimində sonrakı illərini müəyyənləşdirəcək bir açıqlama verdi. Derek tabut endirilərkən Rutun həyatında etdiyi hər şey üçün Allaha şükür etdi və Səmavi Atasına olan sevgisini, etibarını səmimi şəkildə etiraf etdi. Sonralar bu məqamı xatırlayaraq deyirdi:
"Bu, həyatımda çox mühüm bir an idi. Bilirdim ki, Rut üçün hiss etdiyim kədərlə heç vaxt irəliləyə bilməzdim. Həmişə Allahı günahlandırardım və həyatımın qapısı bağlanardı. Davam edə bilməyim üçün yeganə yol bu idi".
Ölüm
Derek Prins 24 sentyabr 2003-cü ildə 88 yaşında təbii səbəblərdən vəfat etdi. O, uzun müddət səhhətinin pisləşməsindən əziyyət çəkmiş və Yerusəlimdəki evində yuxuda olarkən dünyasını dəyişmişdi.
Yerusəlimdəki Beynəlxalq Alyans imanlılar cəmiyyəti qəbiristanlığında dəfn olunmuş Derek Prinsin məzar daşında yazılıb:

Derek Prins 1974-cü ildə San Antonio, Texasda yerləşən Triniti imanlılar cəmiyyətində (indiki Kornerstoun imanlılar cəmiyyəti) təbliğ edir.
Müqəddəs Kitab müəllimi
1944-cü ildə İsrailin Kiriat Motskin şəhərindəki tibbi təchizat anbarında xidmət edərkən Rəbb Derekə aydın şəkildə demişdi:
"Sənə bir çoxları üçün Məsih İsada olan həqiqət, iman və məhəbbətlə Müqəddəs Yazıların müəllimi olmaq tapşırılır".
Bu, Derekin o vaxt olduğu vəziyyətindən çox uzaq görünürdü. Amma zaman keçdikcə Allahın 1941-ci ildə verdiyi vədi gerçəkləşdi:
"Kiçik bir axın kimi olacaq. Axın böyüyüb bir çaya çevriləcək. Çay böyük bir çaya çevriləcək. Böyük çay dənizə çevriləcək. Dəniz qüdrətli bir okeana çevriləcək və bu sənin vasitənlə olacaq; amma necə olacağını bilməməlisən, bilə bilməzsən, bilməyəcəksən".
Bu günə qədər Derek Prinsin adı sağlam ilahiyyat, eləcə də, Allah Kəlamının aydın və sistemli təlimi ilə sinonim olaraq qalır. Onun sarsılmaz imanı və Müqəddəs Yazıları öyrənməyə sədaqəti onu öz dövrünün ən hörmətli və sevimli Müqəddəs Kitab müəllimlərindən birinə çevirdi.
Derek 100-dən çox kitabın müəllifidir. Onun həyat işini və böyük sevgisini əbədiləşdirən dəyərli Müqəddəs Kitab üzrə təlim resursları xəzinəsinin yaradıcısıdır. 100-dən çox dilə tərcümə olunmuş bu əsərlər dünyada milyonlarla məsihçi üçün ilham və təhsil mənbəyi olaraq qalır.
Derekin 2003-cü ildə vəfat etməsindən bir il əvvəl “The Jerusalem Post” qəzetinin jurnalisti ondan bu gün imanlılar cəmiyyətinin ən böyük ehtiyacının nə olduğunu soruşmuşdu. Derek cavab vermişdi: “Müqəddəs Kitab müəllimləri, ciddi Müqəddəs Kitab müəllimləri”. Söhbəti xatırlayan jurnalist 2006-cı ildə yazırdı: “Həqiqətən, onun kimi az adam olub”.
"Derek Prince Ministries"
1971-ci ilin may ayında Derek, təlimlərini nəşr etmək və yaymaq üçün Florida ştatının Fort Loderdeyl şəhərində rəsmi olaraq bir ofis açdı. Əvvəlcə "Derek Prince Nəşriyyatı" kimi tanınan bu təşkilatın fəaliyyəti tədricən genişləndi və 1990-cı ilin dekabr ayında "Derek Prince Ministries" adlandırıldı.
Bu gün "Derek Prince Ministries" Avstraliya, Kanada, Çin, Fransa, Almaniya, Hollandiya, Yeni Zelandiya, Norveç, Rusiya, Cənubi Afrika, İsveçrə, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları da daxil olmaqla, dünyanın 45-dən çox ölkəsində ofislərə malikdir. O, ruhani cəhətdən aclıq çəkənlərə resurs təmin etməyə və bununla da Derekin 2002-ci ilin iyul ayında paylaşdığı gələcəyə aid baxışlarını dəstəkləməyə sadiq qalır:
"Mənim arzum budur. İnanıram ki, bu, Rəbbin də arzusudur: bu xidmət Allahın altmış il əvvəl mənim vasitəmlə başladığı işi İsanın qayıdışına qədər davam etdirsin".


